IKT Mentorluq sahəsində görülən işlər haqqında hesabat

Oktyabr ayından başlayaraq “Təhsildə İnnovativ Texnologiyalar”  əlavə təhsil mərkəzi tərəfindən “Təlim keçmiş müəllimlər və inzibati-idarəetmə həyətinin İKT-dan tədrisdə tətbiqini dəstəkləmək məqsədi ilə mentorluq xidmətinin təşkili” layihəsi həyata keçirilir. Layihəyə Bakı şəhəri üzrə 28 ümumi təhsil məktəbi cəlb edilmişdir. Ümumilikdə 450 müəllim və inzibati-idarəetmə heyətinə mentorluq xidməti göstərilir. İKT-nin təhsilə tətbiqi istiqamətində peşəkarlıq səviyyəsini təkmilləşdirən  müəllim və inzibati-idarəetmə heyəti mentorun dəstəyi ilə İKT-nin təhsilə tətbiqi üzrə dərs planları tərtib edir, şagirdlərin tədris prosesinə daha fəal cəlb olunmasında, onların  təlim nəticələrinin yüksəldilməsi istiqamətində yollar araşdırır, həmkarları ilə müzakirə edir və  yeni, yaradıcı ideyalarını reallaşdırırlar.

Layihə üzrə mentorluq xidməti göstərilən məktəblərin direktorları ilə proqram üzrə menecer görüş keçirmiş, layihənin icrasi istiqamətində müzakirələr aparılmışdır. Məktəb direktorları layihənin səmərəliliyindən danışmış, həmçinin maraqlı təkliflər irəli sürmüşlər. Mentorluq xidməti göstərilən 189-190 N-li məktəbin direktoru layihənin məktəb və təlim keçmiş müəllimlər üçün əhəmiyyətindən danışmış, təlim keçmiş müəllimlərin İKT-nin tədrisdə tətbiqi istiqamətində peşəkar inkişafında mentorluq xidmətinin vacibliyini vurğulamışdır. Əlavə olaraq, 189-190 N-li məktəbin direktoru Ceyran Kuliyeva təklif etmişdir ki, mentorlar aylıq fəaliyyət planlarını və hesabatlarını  “Təhsildə İnnovativ Texnologiyalar”  əlavə təhsil mərkəzinin layihə üzrə məsul şəxsləri ilə birgə məktəb rəhbərliyi ilə də müzakirə etsin. Bu məktəb rəhbərliyinin layihəyə lazımi dəstək göstərməsinə, müəllimlərin inkişaf dinamikasını izləməsinə imkan yaradar.

Davamlı olaraq mentorların fəaliyyəti “Təhsildə İnnovativ Texnologiyalar”  əlavə təhsil mərkəzi tərəfindən izlənilir, xidmət göstərilən müəllimlərin dərslərində iştirak edilir.

Bu ilin dekabr ayının sonuna kimi davam edəcək layihə nəticəsində müəllim və inzibati-idarəetmə heyətinin İKT-nin tədrisdə istifadəsi üzrə peşəkarlığı yüksələcək, müasir texnologiyaların tədrisdə imkanlarından istifadə etməklə davamlı olaraq təkmilləşəcəklər. Mentorluq xidməti onları daha inamlı olmağa, fasiləsiz olaraq öyrənməyə, öyrəndiklərini həmkarları ilə paylaşmağa, şagirdlərinin gələcək həyatlarında uğur qazanması və nəticələrinin yüksək olması məqsədi ilə praktik olaraq dərslərində tətbiq etməyə stimullaşdıracaqdır.