“İTE” əlavə təhsil mərkəzi yanvar ayı üçün aylıq hesabatını təqdim edir

10.02.2016

“İTE – Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi aylıq ənənəsinə sadiq qalaraq oxucularına yanvar ayı üçün görülən işlər barədə aylıq hesabatını təqdim edir. Ümumilikdə, 2016-cı ilin ilk ayı “İTE” əlavə təhsil mərkəzi üçün kifayət qədər uğur və yeniliklərlə yadda qalmışdır.

Təlim və layihələr
         
Ötən ay “Təlim keçmiş müəllimlər və inzibati-idarəetmə həyətinin İKT-nin tədrisə tətbiqini dəstəkləmək məqsədi ilə mentorluq xidmətinin təşkili” layihəsi üzrə yeni mentorların seçim prosesi yekunlaşmışdır. Noyabr ayından etibarən elan olunmuş mentorluq üçün namizədlərin seçimi müsabiqəsinə böyük maraq göstərilmiş və müraciət edənlərin də sayı kifayət qədər çox olmuşdur. Seçilmiş mentorlar layihə çərçivəsində dəstək göstərəcəkləri müəllimlərlə fərdi görüşlər təşkil edəcək, həmçinin müəllimlərin dərslərini müşahidə etməklə əldə olunan nəticələrə uyğun olaraq onların İKT-nin təhsilə tətbiqi istiqamətində peşəkarlıq səviyyələrini təkmilləşdirməyə çalışacaqlar.

2015-ci ilin oktyabr ayından başlayan "Fənn müəllimləri və ibtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə" layihəsi 2016-сı ilin yanvar ayında da uğurla davam etmiş və təxminən 200 nəfər müəllim bu təlimdən yararlanmışdır. Təlim çərçivəsində müəllimlərdə kompüterdən, veb alətlərdən və elektron lövhədən istifadə, həmçinin, İKT-nin tədris prosesində tətbiqinə dair nəzəri biliklər əsasında praktik bacarıqlar formalaşdırılır.

Intel “Gələcək üçün təhsil” təlimləri yanvar ayında da uğurla davam etmiş və ötən aylara nisbətən təlimə maraq daha da artmışdır. Astara, Zaqatala və Gəncə şəhərlərində yanvar ayında 150-ə yaxın müəllim bu təlimi uğurla tamamlamışdır. Layihə çərçivəsində müəllimlər Intel “Gələcək üçün Təhsil” V10  proqramı üzrə müasir təlim strategiyaları, qiymətləndirmə üsul və alətləri ilə tanış olur, bu mexanizmlərdən dərsdə səmərəli istifadə qaydalarına yiyələnərək dərsi şagirdin marağına və 21-ci əsrin tələbinə uyğun qurmağı öyrənir, onu daha da zəngin və rəngarəng edirlər.

Yanvar ayında Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Lisey-Məktəb  Kompleksinin əməkdaşlarının attestasiyası, sertifikatlaşdırılması və kateqoriyalaşdırılması prosesinin keçirilməsi üçün hazırlıq işləri mühüm yer tutur. Hazırlıq işləri çərçivəsində Biləsuvar lisey-məktəb kompleksinin rəhbərliyi və əməkdaşları ilə görüşlər keçirilmiş, attestasiya ilə bağlı müzakirələr aparılmış və əməkdaşların sualları cavablandırılmışdır. Kompleks əməkdaşlarının attestasiya, sertifikatlaşdırma və kateqoriyalaşdırma prosesinin məqsədi onların bilik səviyyəsi, ixtisas, peşə hazırlığı və səriştələrinin qiymətləndirilməsi və peşəkar fəaliyyətlərinin stimullaşdırılmasıdır.

Yeniliklər və uğurlar
    

GlobalLab və “İTE” əlavə təhsil mərkəzi arasında bağlanan qarşılıqlı əməkdaşlıq sazişini yanvar ayı üçün mühüm uğurlardan bir hesab etmək olar. GlobalLab bütün yaş kateqoriyalı tədqiqatçıları birləşdirən və bilik qazanma, tədqiqat bacarıqlarının inkişafına dəstək verən bir icmadır. Bundan əlavə, icma, pedaqoji işçilərə ünsiyyət qurmaq, əməkdaşlıq etmək, layihələr hazırlamaq, onları icra etmək və 61 ölkədən 120.000-dən çox istifadəçisi olan bu maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir.

Yanvar ayı ərzində görülən işlər sırasında “İTE” əlavə təhsil mərkəzinin fəaliyyətinin və layihələrinin tanıdılması, bu layihələrin və fəaliyyətin ümumilikdə təhsil sferasına verdiyi töhfə və faydaların  ictimaiyyətin, təhsil işçilərinin diqqətinə çatdırılması, həmçinin, onların öz sahələrində daim müvəffəqiyyət qazanmağın mümkünlüyü barədə motivasiya edilməsi və inandırıcı hisslər formalaşdırılması məqsədilə keçirilən “Pedaqoji fəaliyyətdə uğura aparan yol” adlı silsilə seminar-məşğələlər mühüm yer tutur. Bu seminarlar Bakı, Şəmkir, Gəncə, Zaqatala, Qəbələ, Şəki, Lənkəran, Salyan və Neftçala rayonlarında baş tutmuşdur.

Qeyd edək ki, “İTE” əlavə təhsil mərkəzi yanvar ayında yeni nailiyyətlərlə yanaşı digər planlaşdırılmış bütün layihələri də uğurla davam etdirmiş və korporativ hədəflər uğrunda mühüm işlər görmüşdür.

"İTE - Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzinin Mətbuat Xidməti