Bu nömrəyə müraciət edin
ƏLAQƏ NÖMRƏSİ : +994 (12) 530 82 95
Mob: :+994 (50) 250 1415
Müəllim kimi öyrədir, əsgər kimi qoruyur.
29/06/2021

Azərbaycan Respublikası Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin 24 iyun 2021-ci il tarixində imzaladığı sərəncamlara əsasən Vətən Müharibəsinin bir qrup iştirakçıları ərazilərin işğaldan azad edilməsinə görə medallara layiq görülmüşdür. Təltif olunanlar arasında Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin peşəkar təlimçilərindən olan Elvin Əliyev də var. Belə ki, Elvin Əliyev Xocavəndin və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunmuşdur.

Bu məqsədlə İyunun 27-də Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin (İTE) kollektivi Elvin Əliyevin iştirakı ilə görüş keçirmişdir.  Əlavə Təhsil Mərkəzinin Proqram üzrə direktoru Məhəbbət xanım Vəliyeva görüşü açılış nitqi ilə başladı. İTE kollektivi adından arzuları və təbrikləri qonağın diqqətinə çatdırdı.
Görüşdə Elvin Əliyev canlı iştirakçısı olduğu müharibə xatirələrindən bəhs edərkən, döyüşçülərin yüksək əhval ruhiyəsindən, Vətən Müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyin qələbə qazanılması prosesindəki rolundan, döyüş bölgəsinə gedərkən yol boyu dua və alqışlarla müşayiət olunmaqlarından bəhs edərkən, bir daha dərindən hiss etdiyi, Vətən sevgisinin əvəzsiz olduğunu vurğuladı.

Görüşdə iştirak edənlər vətən uğrunda canından keçmiş şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa arzulamaqla yanaşı, Elvin müəllimin timsalında Müzəffər Azərbaycan Ordusuna alqışlar ifadə etdilər. Çıxış edənlər Elvin Əliyevin peşəkar təhsil fəaliyyətləri, onun yüksək intellektual xarakterə malik həyat yolu, həmçinin Vətən Müharibəsində göstərdiyi qəhrəmanlığından bəhs etdilər. Əsas fəaliyyət sahəsi təhsil sektorunda müəllimlik və təlimçilik olan Elvin Əliyevin peşəkar fəaliyyətləri, eləcə də Vətən sevgisi ilə hər bir təhsil işçisinə nümunə ola biləcəyi ifadə olundu.

Görüşdə 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə xalqımıza təbriklər ünvanlandı və onun formalaşmasından, həmçinin əhəmiyyətindən bəhs edildi.

Qeyd edək ki, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin peşəkar təlimçilərindən olan Elvin Əliyev 2020-ci il Sentyabr ayının 27-dən başlayaraq, 44 günlük müharibədə iştirak edib. O, Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində döyüşlərdə qəhrəmancasına iştirak edib.
Elvin müəllimi və Müzəffər Ordumuzun bütün iştirakçılarını təbrik edir, vətənimizin var olmasını və dövlətimizin daim inkişaf etməsini arzu edirik.