Ağcabədi rayonu Salmanbəyli kənd tam orta məktəbin müəllimi Stanford Universitetinin onlayn seminarında iştirak hüququ qazandı

Təhsil Nazirliyinin dəstəyi, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi və “Mars Academy” şirkətinin təşkilatçılığı ilə Azərbaycanda beynəlxalq “Polyup” layihəsi həyata keçirilir. Hesablama düşüncəsini inkişaf etdirən, real həyatda problemlərin səmərəli üsullarla həllinə yönəlmiş və hər kəsə açıq olan oyun tipli “Polyup” platforması vasitəsi ilə hər ay “PolyChallenge” və digər xüsusi müsabiqələr keçirilir. “Youcubed Prize” bu cür xüsusi müsabiqələrdən biridir. Müsabiqənin qalibi olmuş və Stanford Universitetinin onlayn seminarında iştirak hüququ qazanmış Şahanə Bədəlova “Polyup” barədə fikirlərini paylaşıb.

“Polyup” layihəsi barədə məlumatı ilk dəfə hardan əldə etmisiniz?  

“Polyup” barədə məlumata ilk dəfə sosial mediada rast gəldim. Layihə marağıma səbəb oldu və riyaziyyat fənnini şagirdlərə daha yaradıcı və əyləncəli formada tədris etmək üçün gözəl imkan olduğunu düşündüm. Şagirdlərimi hər kəsə açıq olan bu oyun tipli təhsil platforması ilə tanış etdikdən sonra dərslərimizə maraq daha da artdı və hazırda riyaziyyat dərslərində bütün şagirdlərimiz həvəslə iştirak edirlər.

“Youcubed Prize” müsabiqəsinə necə qoşuldunuz?

Qeyd edim ki, təhsil ilə bağlı müsabiqələrə qoşulmağa həmişə maraqlı olmuşam. Özümlə yanaşı, şagirdlərə aid müsabiqələrə, öz şagirdlərimi də cəlb etməyə çalışıram. Bu müsabiqənin şərtləri ilə tanış olduqdan sonra, iştirak etmək qərarına gəldim. Yarışa qoşulmaq üçün müəllim və şagirdlərdən ibarət komanda yaratdıq. Yarış müddətində şagirdlər tapşırıqlar yaradır və digərləri ilə paylaşırdılar. “Poly” maşınlar adlanan bu tapşırıqları həll etdikcə, şagirdlər virtual “Poly” qəpikləri qazanır və bu da müəllimlərin avtomatik olaraq əlavə virtual “Poly” qəpikləri qazanmasına səbəb olurdu.

Onu da qeyd edim ki, digər müsabiqələrdən fərqli olaraq, bu yarışın mövzusu daha konkretdir. Belə ki, sırf riyazi bacarıqları inkişaf etdirmək şansı çoxdur. Həmçinin, məntiqi təfəkkürün inkişafı və proqramlaşdırma bacarıqlarının ilkin bünövrəsini qoyur. Tapşırıqların həlli üçün şagirdlər öncədən hansı əməllərin hansı ardıcıllıqda həll olunacağı haqqında proqram tərtib edirlər ki, bu da onlara problemlərə sistemli və əhatəli şəkildə yanaşmağı öyrədir.

Qeyd etməliyəm ki, bu müsabiqədə iştirak etmək mənə dünya şöhrətli universitetin onlayn kursunda iştirak hüquqi ilə yanaşı, geniş dünya görüşü, riyaziyyatla bağlı fərqli ideyalar və təcrübə qazandırdı.

Layihəni dərslərinizdə necə tətbiq edirsiniz?

Mənim ixtisasım riyaziyyat-informatika olduğu üçün “Polyup” mənim üçün əvəzedilməz vasitə oldu. Dərslərimdə platformadan siniflər üzrə çətinlik səviyyəsinə uyğun olaraq istifadə edirəm. Aşağı siniflərdə sadə tapşırıqlardan başlayırıq və mərhələ-mərhələ mürəkkəbliyi artırırıq.

Bu platformadan istifadə dərslərimizi daha əyləncəli etməklə yanaşı, verilən hesab tapşırıqları şagirdlərdə gündəlik həyatda qarşılaşdıqları problemləri həll etmək, məlumatları məntiqi olaraq sistemləşdirmək, təhlil aparmaq, məsələnin həlli üçün səmərəli həll yolunu seçmək və məsələnin həllini avtomatlaşdırmaq kimi bacarıqlar formalaşdırır.

Layihə ilə bağlı həmkarlarınıza nə məsləhət görərdiniz? 

Həmkarlarıma www.polyup.com saytına daxil olaraq layihə haqqında ətraflı məlumat əldə etməyi məsləhət görərdim. Həmçinin www.polychallenge.org səhifəsindən “Polyup” müsabiqələri haqqında ətraflı məlumat almaq olar. Əgər siz də dərslərinizi müasir tələblərə uyğun innovativ və şagirdlərə maraqlı formada qurmaq istəyirsinizsə, bu ödənişsiz və hər kəs üçün açıq olan platforma çox gözəl imkandır. Platforma sizə özünüzün və şagirdlərinizin hesablama düşüncəsini inkişaf etdirməyə, sağlam rəqabət mühitinə qoşulmağa və biliklərinizi artıraraq qalib olmağa kömək edəcək.

Növbəti postlar

"Microsoft sertifikatlı pedaqoq" imtahanın nəticələri

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlı...

900 müəllim beynəlxalq sertifikatlı mütəxəssis oldu

900 müəllim beynəlxalq sertifikatlaşdırma imtahanından uğurla keçib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaş...