Peşəkar təlimçimiz Vətənin müdafiəsində!

Sentyabr ayının 27-də erməni təxribatlarına qarşı Şanlı Ordumuz güclü və sürətli əks-hücum əməliyyatına başlayan zaman bütün Azərbaycanın ürəyi Qarabağda döyündü. Təhsildə İnnovativ Tenologiyalar Əlavə Təhsil Mərkəzinin dəyərli üzvü peşəkar təlimçi Elvin Əliyev də torpaqlarımızın azadlığı uğrunda şücaətlə döyüşən əsgərlərimizin arasında idi.

İlk həftə hərbi təlimlərə cəlb olunan Elvin müəllim döyüşlər başlayan zaman əsgər yoldaşları ilə birlikdə ön cəbhəyə Füzuliyə yollandı. Ordumuzun torpaqlarımızı düşmən tapdağından azad etmək üçün əks-hücuma keçdiyini eşidən xalqımız isə əsgərlərimizə dəstək olmaq üçün səfərbər oldu və 'Dəmir Yumruq' kimi birləşdi. Çiyinlərində müqəddəs missiyanın məsuliyyətini hiss edən əsgərlərimiz yol boyunca onlara dəstək verməyə gələn, dualar edən, təbəssümü və gözlərindəki ümidlə onlara güc verən vətəndaşlarımızı gördükcə qürurlandı.

Füzulidə qazandığı uğurlardan sonra Elvin müəllim komanda yoldaşları ilə birgə Cəbrayıl rayonuna yola düşdü. Elvin müəllim döyüş xatirələrini bu cür dilə gətirir:

“Deyirlər, insanın ən yaxşı dostu döyüş yoldaşıdır. Bu doğrudan da belədir. Qeyd edim ki, döyüş ab-havası tam fərqlidir, biz müharibədə ölümlə üz-üzə ikən əsgər qardaşlarımızla bir ailə olduq. Hər cür şəraitdə bir-birimizi gözümüzü qırpmadan qoruduq.” Elvin müəllimin olduğu heyət həmçinin Xocavənd ərazisindəki Şuşa yolu istiqamətində də düşmənə qarşı vuruşmuşdur.

Elvin müəllim vurğulayır ki, müharibənin gedişatı boyunca da xalqımız Müzəffər Ordumuza dəstəyini hiss etdirirdi. Yumruq kimi birləşərək öz haqlı mübarizəsini davam etdirən Azərbaycan xalqı bütün dünyaya necə böyük bir xalq olduğumuzu sübut etdi. Döyüşlər gedən zaman igidlərimiz aldıqları əsgər məktubları, dəstək videoları sayəsində daha da əzmlə vuruşurdular. Hər dəfə yeni ərazilər işğaldan azad olunduqda xalqımızın sevincini doya-doya yaşaması, ordumuza göstərdiyi dəstək və etimad əsgərlərimizə fəxarət hissi yaşadırdı.

Qalib ölkənin qalib əsgəri kimi Elvin müəllim Qələbədən böyük sevinc hissi ilə bəhs edir. O xatırladır ki, “Dəmir yumruq” bundan sonra da əsas silahımız olmalıdır. “Qələbəmizi şəhid və qazilərimizə borculyuq. Allahdan şəhidlərimizə rəhmət, yaralı əsgərlərimizə şəfa diləyirəm. İstər diplomatik, istər hərbi sahədə düşmən qarşımızda diz çökdü və bütün dünyaya yenilməz xalqın Azərbaycan xalqı olduğunu göstərdik. Bundan sonra da güclü iradəyə malik xalq kimi hər sahədə yüksək inkişaf əsas hədəfimiz olmalıdır.”

Elvin müəllim sonda bu müddət ərzində onu dəstəkləyən İTE ailəsinə dərin minnətdarlığını bildirdi. Biz də Elvin müəllimə bir daha “Var olun! ” deyir və uğurlarının davamını arzulayırıq.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Növbəti postlar

"Microsoft sertifikatlı pedaqoq" imtahanın nəticələri

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlı...

900 müəllim beynəlxalq sertifikatlı mütəxəssis oldu

900 müəllim beynəlxalq sertifikatlaşdırma imtahanından uğurla keçib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaş...