İyun ayının 3-də Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Pandemiya şəraitində onlayn tədrisdə müəllim-tələbə münasibətləri” mövzusunda onlayn konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək bildirib ki, pandemiyanın yaratdığı mövcud vəziyyət tədrisin onlayn platformalar üzərindən, distant (məsafədən) formada aparılması sahəsində irəliləyişlərə səbəb olmasına baxmayaraq bu, xüsusilə praktik bilik və bacarıqlar tələb edən fənlərin tədrisində müəyyən problemlər yaradır. Qeyd olunanlar özünü daha çox aqrar təhsildə göstərməklə gələcəkdə bu istiqamətdə müvafiq addımların atılmasını tələb edir. Bütün bunları nəzərə alaraq ADAU-da “Pandemiya şəraitində onlayn tədrisdə müəllim-tələbə münasibətləri” mövzusunda onlayn konfrans keçirilmişdir.
Konfransda təhsil ekspertlərindən Nadir İsrafilov, Kamran Əsədov, İlham Əhmədov, Türkiyənin Ege Universitetinin professoru Enver Durmuşoğlu, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin Direktoru İsa Qasımov, ADAU-nun Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının müdiri, professor Məhərrəm Hüseynov, Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri, dosent, ADAU-nun professoru Aynur Həsənova, tələbələrdən Aysu Tağıyeva, Suada Nəcəfova, Tamara Xan-Xoyskaya, Leyla Babayeva və başqaları çıxış ediblər.